Xeyriyyə işləri
TAİS IKF Şirkəti öz xalqına xeyriyyəçilik məqsədi ilə Respublikanın müxtəlif rayonlarında yerləşən fiziki və texniki köhnəlmiş, antisanitar və təhlükəli vəziyyətdə olan yeməkxana və mətbəxləri əsaslı təmir edir və lazımi müasir avadanlıqlarla təchiz edir. İlk olaraq belə xeyriyyəçi töhvə Bərdə şəhərində yerləşən internatı üçün edildi. İnternatın yeməkxanası əsaslı təmir olundu. Mətbəx və anbarlar yeni müasir bişirmə avadanlıqları, soyuducu və dondurucularla, mətbəx iş alət və qurğuları ilə təchiz olundu. İşçilərə avadanlıqlardan istifadə öyrədildi, şirkətin sanitariya-gigiyena tələbləri, iş qaydaları barədə təlimlər keçirildi.
Şirkətin bu ilki xeyriyyəçi addımı Ağdaş və Salyan rayonlarında yerləşən 2 internata yönəlmişdi. Bu internatların nahar zalı, mətbəxi, anbar və yardımçı otaqları müasir sanitar tələblərə cavab vermirdi, mətbəx avadanlığı isə çox köhnəlmişdi, sağlam və keyfiyyətli qida hazırlanmasını çətin edirdi. İsti su təminatında, kanalizasiya və havalandırmada çatışmazlıqlar var idi.
İlin əvvəlindən bu yeməkxanaların gigiyena və erqonomika tələblərinə cavab verən yeni cizgiləri hazırlandı, işlər planlaşdırıldı, lazımi mətbəx avadanlığı Şirkətin anbarlarına yığıldı. Yay tətilində hər iki yeməkxanada təmir-tikinti işlərinə start verildi. Yeni dərs ilinin başlanması üçün hər iki yeməkxanada təmir-tikinti işləri tam yekunlaşdı, yeni avadanlıqlar qoyuldu, yoxlanıldı və istifadəçilərə izah edildi. Şirkət nümayəndələrinin iştirakı ilə yeməkxanaların təm-taraqlı açılışı təşkil olundu.